Bakı. Trend:
OPEC+ ölkələrinin neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə gündəlik 35,63 milyon barel, 2027-ci ildə isə orta hesabla gündəlik 39,78 milyon barel təşkil edəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) “Qısamüddətli enerji proqnozu” adlı may hesabatında qeyd edilib.
EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə OPEC+ ölkələrinin sözügedən məhsul hasilatı birinci rübdə orta hesabla günə 37,48 milyon barel, ikinci rübdə günə 31,35 milyon barel, üçüncü rübdə gündəlik 34,81 milyon barel, dördüncü rübdə isə günə 34,86 milyon barel təşkil edəcək.
Qurumun 2027-ci il üçün isə OPEC+ ölkələri üzrə neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir: birinci rübdə hasilatın günə 39,72 milyon barel, ikinci rübdə günə 39,82 milyon barelə, üçüncü rübdə günə 39,77 milyon barel, dördüncü rübdə isə gündəlik 39,81 milyon barel səviyyəsində olacağı gözlənilir.
“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən ayrılacağını və bu qərarın 1 may 2026-cı ildən qüvvəyə minəcəyini elan etməsindən sonra, may ayı üzrə hazırladığımız hesabatda bu dəyişiklik nəzərə alınıb. Artıq hesabatdakı OPEC hasilat göstəricilərinə həm tarixi məlumatlarda, həm də proqnoz dövrlərində BƏƏ-nin məlumatları daxil edilmir.
BƏƏ-nin ehtiyat xam neft hasilat gücünə malik olması səbəbindən, indi proqnozlaşdırırıq ki, OPEC-in ehtiyat hasilat gücü 2027-ci ildə orta hesabla gündə 2,5 milyon barel təşkil edəcək. Bu göstərici əvvəlki proqnozumuzda qeyd olunan gündəlik 3,8 milyon barellə müqayisədə daha aşağıdır”, - hesabatda qeyd edilib.
