Bakı. Trend:
ABŞ-nin Nyu-York ştatında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “Prezident kuboku” (“President Cup”) adlı şahmat turniri keçirilib.
Trend xəbər verir ki, turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, uzun illər ABŞ-də yaşayan beynəlxalq dərəcəli şahmatçı Elvin Bağır-Pourun rəhbəri olduğu "Chess Father" şirkətinin təşkilatçılığı ilə baş tutub.
Yarış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.
Turnirdə çıxış edən Elvin Bağır-Pour Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafındakı əvəzsiz rolundan danışıb. O, qeyd edib ki, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk şahmat məktəbləri yaradılıb, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmələri üçün əlverişli şərait təmin olunub.
İsveçrə sisteminə əsasən keçirilən turnirdə 5-60 yaş arasında 100-ə yaxın idmançı hakimlərin nəzarəti altında mübarizə aparıblar.
Yarışda tanınmış qrossmeysterlər Aleksandr Lenderman, Mykola Bortnyk və Liam Henry ilə yanaşı, azərbaycanlı şahmatçı Şəmi Abdullayev də iştirak edib. Soydaşımız güclü rəqiblərlə qarşılaşdığını və belə beynəlxalq turnirlərin şahmat həvəskarları arasında böyük maraq doğurduğunu bildirib.
Yarışın yekun nəticələrinə görə Liam Henry 1-ci, James Blackr 2-ci, Aleksandr Lenderman isə 3-cü yerə layiq görülüb. Qaliblərə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev tərəfindən kubok və medallar təqdim edilib.
Qeyd edək ki, “President Cup” şahmat turniri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündən etibarən artıq dördüncü dəfədir keçirilir və ABŞ Şahmat Federasiyası tərəfindən rəsmi olaraq qeydə alınıb.
