Bakı.Trend:
ABŞ-yə məxsus iki təyyarənin Avstriya hava məkanını pozmasından sonra ölkənin hərbi hava qüvvələri növbətçi qırıcıları havaya qaldırıb.
Trend xəbər verir ki, bu barədə Avstriyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun rəsmisi Mixael Bauer bildirib ki, söhbət iki PC-12/U-28A təyyarəsindən gedir. Həmin təyyarələr taktiki kəşfiyyat və xüsusi təyinatlı qüvvələrin daşınmasıda istifadə olunan kəşfiyyat-nəqliyyat təyyarələridir.
İsveçrənin “20 Minuten” nəşrinin məlumatına görə, ABŞ-yə məxsus iki təyyarə lazımi icazə olmadan Yuxarı Avstriyadakı Totes-Gebirge dağ massivi üzərindən uçub. Bundan sonra Avstriyanın “Eurofighter” qırıcıları onların qarşısını almaq üçün havaya qaldırılıb və Amerika təyyarələri Münhen istiqamətinə geri dönüb.
