Bakı. Trend:
ADA Universitetinin İxtisasartırma Proqramı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən "Xəzər hövzəsi araşdırmaları" proqramı mayın 8-də başa çatıb.
Trend xəbər verir ki, cari ilin 4-8 may tarixlərini əhatə edən proqramın "Məzun günü"ndə Azərbaycana yeni təyin olunmuş 18 fərqli ölkəni təmsil edən 20 orta və yüksək rütbəli xarici diplomata sertifikatlar təqdim olunub. İştirakçılar arasında Argentina, Braziliya, Belçika, Fransa, Almaniya, Qazaxıstan, Meksika, Pakistan, Türkiyə, Birləşmiş Krallıq, Ukrayna, Amerika Birləşmiş Ştatları kimi ölkələrin, eləcə də Avropa İttifaqının nümayəndələri yer alıb.
Proqramın əsas məqsədi xarici diplomatları regional yeniliklərlə yaxından tanış etmək, onların Xəzər regionu üzrə biliklərini dərinləşdirmək və Azərbaycanın zəngin tarixi, strateji siyasəti və inkişaf prioritetləri haqqında dolğun təsəvvür formalaşdırmaqdır.
Tədbirin açılış mərasimində çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov bu kursun universitetin İxtisasartırma Proqramları arasında "flaqman" layihə olduğunu vurğulayaraq, proqramın məzunu olan diplomatları təbrik edib və gələcəkdə bu səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
ADA Universitetinin prorektorunun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva öz növbəsində proqramın tarixi əhəmiyyətinə toxunaraq, bu il 15 illik yubileyini qeyd edən layihə çərçivəsində bu günədək 100-dən çox ölkədən 385 xarici diplomatın iştirak etdiyini diqqətə çatdırıb.
Həmçinin tədbirdə iştirak edən 10 xarici ölkə səfiri də diplomatları təbrik edərək, proqramın diplomatik əlaqələrin inkişafına verdiyi töhfəni qeyd ediblər.
Həftəboyu davam edən seminarlar və dəyirmi masa müzakirələri çərçivəsində diplomatlar ADA Universitetinin Beynəlxalq və İctimai Əlaqələr fakültəsinin dekanı professor Azər Babayev, habelə universitetin professor-müəllim heyəti və ölkənin aparıcı rəsmi şəxsləri ilə interaktiv müzakirələr aparıblar. Məruzəçilər sırasında Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, İqtisadiyyat Nazirinin müşaviri professor Taleh Ziyadov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri professor Fərid Şəfiyev və SOCAR-ın İqtisadi və enerji sektoru üzrə təhlil departamentinin direktoru Əhməd Hümbətov kimi ekspertlər yer alaraq diplomatların suallarını cavablandırıblar.
Proqram zamanı təqdim olunan Azərbaycanın iqtisadi transformasiyası və inkişaf strategiyası, Xəzər regionunun siyasi tarixi, eləcə də geosiyasi fraqmentasiya dövründə Azərbaycanın qlobal əlaqələrdə rolu, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin geri qayıdış prosesi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, 2026: Cənubi Qafqazda sülh üçün həlledici il kimi mövzular iştirakçıların regionun siyasi və humanitar reallıqlarını daha dərindən dərk etmələrinə şərait yaradıb.
Akademik panellərlə yanaşı, proqramın praktiki hissəsi kimi xarici diplomatlar Milli Məclisə səfər edərək millət vəkilləri ilə regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.