“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 13 May 2026 17:48 (UTC +04:00)
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

12 may 2026-cı il tarixdə Hüquq və İnsan Haqları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Trend xəbər verir ki, məhkəmə sisteminin məsul şəxsləri, millət vəkilləri, Ombudsman, Vəkillər Kollegiyasının sədri, alimlər, YAP-ın, vətəndaş cəmiyyəti və geniş ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” adlı kitabın təqdimatı keçirilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas, uzun illər Ədliyyə Naziri və Məhkəmə-Hüquq Şurasının sədri işləmiş Fikrət Məmmədovun müəllifi olduğu nəşr Ulu Öndər Heydər Əliyevin Azərbaycan hüquq sisteminin inkişafındakı tarixi roluna həsr olunub.

Eyni zamanda kitabda Dahi Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətlər və parlaq qələbələr, o cümlədən ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dahi liderin irsinin öyrənilməsi və təbliği ilə bağlı mühüm fəaliyyəti əksini tapıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun idarə heyətinin sədri Məhəmməd Quluzadə nəşrdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, xalqımız və dövlətmiz qarşısında misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi sahədə, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmə sisteminin formalaşdırılması ilə bağlı islahatların geniş yer aldığını bildirib.

Müəllif həmçinin, Ulu Öndərin rəhbərliyi altında işlədiyi dövrə dair şəxsi xatirələrini və müşahidələrini də oxucularla bölüşüb. Ulu Öndər Heydər Əliyevin imzası ilə qəbul edilmiş tarixi əhəmiyyətli hüquqi sənədlər, arxiv foto-materialları barədə məlumatlar verilib.

Tədbirdə çıxış edən Fikrət Məmmədov Ulu Öndər Heydər Əliyev haqqında kitab yazmağın olduqca məsuliyyətli olduğunu, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında xidmətlərinin misilsizliyini vurğulayıb. Zaman keçdikcə Ulu Öndərin dahiliyinin, uzaqgörənliyinin, müdrikliyinin daha dərindən dərk edildiyini, belə şəxsiyyətlərin nəinki əsrdə, minillikdə bir yarandığını bildirib.

Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyəti haqqında yüzlərlə kitablar nəşr edilib: "Ulu Öndərin etimadı ilə məsul vəzifələrdə çalışmış bir şəxs kimi özümə mənəvi borc bildim ki, Heydər Əliyevin hüquq institutlarının, xüsusilə ədliyyə orqanlarının və məhkəmələrin səmərəli fəaliyyəti ilə bağlı gördüyü işləri və həyata keçirdiyi islahatları tarix üçün həkk edim. Kitabda 1969-cu ildən başlayaraq Ümummilli Liderin bütün dövrlərdəki fəaliyyəti əks olunub. Bu zaman dahi şəxsiyyət Heydər Əliyevin dövlət fəaliyyətinə, xüsusilə də Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş işlərə nəzər salınıb".

Təqdimat mərasimində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri Əli Hüseynli və Zahid Oruc, Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı Zaur Əliyev, ictimaiyyət nümayəndələri çıxış edib, Ümummilli Liderin Azərbaycan hüquq sisteminin formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs ediblər. Onun hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatların və dövlətçilik irsinin təbliğinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirib, “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının bu sahədə yaxşı vasitə olduğu, kitabın dərs vəsaiti kimi istifadəsinin əhəmiyyətini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti