Bakı.Trend:
Asiya İnkişaf Bankı Azərbaycanın iştirakı ilə dövlət maliyyə institutlarının kommersiyalaşdırılması və dayanıqlığının artırılması proqramının həyata keçirilməsini nəzərdən keçirir.
Bu barədə Trend banka istinadən məlumat verir.
Layihənin 400 min ABŞ dolları məbləğində Xüsusi Texniki Yardım Fondu, həmçinin 100 min dollar məbləğində Maliyyə Sektorunun İnkişafı üzrə Tərəfdaşlıq Xüsusi Fondu hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Regional texniki yardım proqramı Asiya-Sakit okean regionunun əsas bazarlarında dövlət maliyyə institutlarının kommersiyalaşdırılması və investisiya cəlbediciliyinin artırılması proseslərinin daha dərindən öyrənilməsi məqsədilə tədqiqatların və işləmələrin aparılmasına yönəlib. Bundan savayı, təşəbbüs dövlət maliyyə institutlarının AİB, birgə maliyyələşdirən təşkilatlar və digər özəl kapital təminatçıları tərəfindən kommersiya maliyyələşməsini cəlb etməsi üçün institusional potensialın gücləndirilməsini nəzərdə tutur.
Qeyd olunur ki, texniki yardım proqramı AİB-in strateji dövlət maliyyə institutlarının maliyyə dayanıqlığı və kommersiyalaşdırılmasının təşviqində tərəfdaş rolunun möhkəmləndirilməsinə, həmçinin regionda dövlət maliyyə institutlarının fəaliyyəti ilə bağlı investisiya imkanlarının genişləndirilməsinə yönələcək.
Layihə Azərbaycanla yanaşı, Əfqanıstan, Ermənistan, Banqladeş, Butan, Bruney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Laos, Malayziya, Maldiv, Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin, Papua-Yeni Qvineya, Çin, Marşall adaları, Samoa, Solomon adaları, Şri-Lanka, Tacikistan, Tailand, Timor-Leşti, Türkmənistan, Tonqa, Türkiyə, Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnamı əhatə edir.
