Daha bir gəmidə ölümcül virus yayıldı – 1700 nəfər karantinə alınıb

Dünya xəbərləri Materials 13 May 2026 17:39 (UTC +04:00)
Daha bir gəmidə ölümcül virus yayıldı – 1700 nəfər karantinə alınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hantavirus aşkarlanan gəmidən sonra dünya əhalisi arasında təşviş yarada biləcək növbəti hadisə baş verib. Fransanın Bordo şəhərində lövbər salan kruiz gəmisində bir sərnişin vəfat edib. Onun ölümünə norovirusun səbəb olduğu ehtimal edilir. Yoluxma şübhələrindən sonra 1700-dən çox şəxsin gəmidə karantinə alındığı bildirilir.

Bu barədə Trend xarici mediaya istinadən xəbər verir.

Səhiyyə rəsmiləri 90 yaşlı sərnişinin öldüyünü və təxminən 50 nəfərdə norovirus əlamətlərinin müşahidə edildiyini açıqlayıb.

Mütəxəssislər kruiz gəmilərində rast gəlinən xəstəliklərin risk səviyyələrinin bir-birindən fərqləndiyini vurğulayaraq, xüsusilə son dövrlərdə norovirus və hantavirus hallarının diqqət mərkəzində olduğunu bildirirlər.

Norovirusun simptomları və fəsadları barədə

Norovirus dünya üzrə kruiz gəmilərində baş verən mədə-bağırsaq mənşəli yoluxmaların ən geniş yayılmış növü hesab olunur.

Virus çirkli qida və su, qapı tutacaqları, məhəccərlər və yemək sahələri kimi çirklənmiş səthlər, eləcə də insanlar arasında təmas yolu ilə asanlıqla yayılır. Qusma, ishal, mədə spazmları və ürəkbulanma ən çox rast gəlinən simptomlar sırasındadır.

Bildirilir ki, xəstələrin əksəriyyəti 1-3 gün ərzində sağalsa da, virus qapalı və sıx mühitlərdə çox sürətlə yayılır.

Norovirusdan fərqli olaraq, hantavirus infeksiyalarına daha nadir hallarda rast gəlinir, lakin onlar daha ağır nəticələrə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hantaviruslar əsasən gəmiricilər vasitəsilə yayılır.

Virus gəmiricilərin sidiyi, nəcis və ya tüpürcəyindən havaya qarışan hissəciklərin tənəffüs edilməsi nəticəsində insanlara keçə bilir.

Yoluxma riski kruiz gəmilərində niyə yüksək olur?

Mütəxəssislərin fikrincə, kruiz gəmilərində sərnişin sıxlığının yüksək olması, ümumi iaşə və əyləncə məkanları, dünyanın müxtəlif yerlərindən sərnişinlərin axını və qapalı daxili məkanların çox olması – bütün bu kimi amillər yoluxmaların sürətlə yayılması üçün əlverişli şərait yaradır.

Səhiyyə qurumları bildirirlər ki, norovirus kruiz gəmilərində baş verən yoluxmaların “proqnozlaşdırılan və geniş yayılmış” səbəbi hesab olunur. Hantavirus hallarına isə daha nadir rast gəlinir və onlar adətən səyahət mühiti ilə əlaqələndirilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti