Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın "MOL Group" şirkəti əməkdaşlığın genişləndirilməsini və Azərbaycanda birgə upstream layihələrini müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə SOCAR Prezidenti Rövşən Nəcəf öz rəsmi "X" səhifəsində məlumat paylaşıb.
Qeyd olunur ki, Daşkənddə keçirilən “Özbəkistan neft və qazı - 2026” sərgi və konfransı çərçivəsində "MOL Group" şirkətinin kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Jombor Marton ilə görüş baş tutub.
“Görüş zamanı SOCAR ilə "MOL Group" arasında möhkəm və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Tərəflər Azərbaycandakı birgə upstream layihələri, o cümlədən Azərbaycanın Şamaxı-Qobustan bölgəsində yerləşən quru sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində davam edən işlər barədə fikir mübadiləsi aparıblar”, - deyə paylaşımda deyilir.
Məlumata görə, görüş zamanı enerji təhlükəsizliyinin və dayanıqlı inkişafın səmərəli enerji həlləri vasitəsilə dəstəklənməsinə yönəlmiş gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Qeyd edək ki, MOL Group 2020-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağında 9,57 faiz pay və Bakı–Tbilisi–Ceyhan neft kəmərində 8,9 faiz effektiv pay əldə etməklə Azərbaycan bazarına daxil olub.
