Bakı. Trend:
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri:
- Səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini;
- Eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir.
İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı, onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər.
Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
