Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 13 May 2026 18:47 (UTC +04:00)
Almaniyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilən idman festivalı keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Festival Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Berlindəki Azərbaycan Evinin, Maqdeburqda fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının birgə təşkilatçılığı ilə Almaniyanın Barleben şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən idman festivalı keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ulu Öndər Heydər Əliyevin uşaqlara, gənclərə və ailə dəyərlərinə verdiyi yüksək önəmin təbliği festivalın əsas məramını təşkil edib. Məhz bu yanaşma tədbirin ruhuna sirayət edib və böyük rəğbətlə qarşılanıb.

Festival Almaniyanın Maqdeburq və ətraf bölgələrindən gələn yüzlərlə sakinə əsl bayram ovqatı yaşadıb. Günboyu davam edən tədbirdə uşaqlar üçün qurulan attraksionlar, idman oyunları, interaktiv proqramlar, ailələrin birlikdə vaxt keçirməsi və hökm sürən səmimi atmosfer festivalın yadda qalan məqamlarından olub. Musiqi sədaları altında ifa olunan rəqslər iştirakçılara xoş anlar bəxş edib.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının rəhbəri Yaşar Niftəliyev festivalın əsas məqsədinin Ümummilli Lider Heydər Əliyevin uşaqlara və gənclərə göstərdiyi diqqət və qayğını yaşatmaq, onların sağlam həyat tərzinə marağını artırmaq olduğunu söyləyib. O, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan bu festivalın hər il keçirildiyini xatırladıb. Festivalda idmanın bir sıra növləri, o cümlədən boks üzrə yarışların da təşkil olunduğunu qeyd edərək bu təşəbbüsün Almaniyada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasına və lobbiçilik fəaliyyətinə böyük təsir göstərdiyini vurğulayıb.

Maqdeburq şəhər şurasının üzvü Bernd Heyneman isə Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən boks turnirindən məmnunluğunu bildirib.

Boks hakimi Rolf Kunş ənənəyə çevrilən festivalın inamlı və maraqlı döyüşlərlə yadda qaldığını söyləyib.

Xatırladaq ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə yaradılıb və beynəlxalq səviyyədə fəaliyyət göstərir. Məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, Ulu Öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, Ümummilli Liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır.

Xəbər lenti

Xəbər lenti