Bakı.Trend:
AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə təsis edilən “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike Hettinger və AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, AZSET proqramı ali təhsildə nəzəri biliklə praktiki təcrübənin daha sıx əlaqələndirilməsi baxımından mühüm təşəbbüsdür. Nazir vurğulayıb ki, müasir əmək bazarında universitetlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan AZSET modeli tələbələrin yalnız akademik bilik əldə etməsinə deyil, həm də praktiki bacarıqlar formalaşdırmasına imkan yaradacaq.
Emin Əmrullayev əlavə edib ki, beynəlxalq tərəfdaşlıq əsasında həyata keçirilən belə layihələr Azərbaycanın mühəndislik və texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdırır. AZSET proqramı Azərbaycanın texnoloji insan kapitalının inkişafına yönəlmiş strateji investisiya kimi dəyərləndirilə bilər.
Rəşad Nəbiyev əlavə edib ki, tələbələr Azərbaycanı tərk etmədən Münhen Texniki Universitetinin keyfiyyət standartlarına uyğun hazırlanmış müasir təhsil proqramı əsasında təhsil alma imkanı əldə edəcəklər. Proqram çərçivəsində hər bir tələbə AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdən biri ilə birbaşa əlaqələndiriləcək və real layihələr üzərində praktiki təcrübə qazanacaq.
“TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike
Hettinger bildirib ki, bu gün burada Azərbaycanın gələcəyi üçün həm
iddialı, həm də strateji əhəmiyyət daşıyan bir tərəfdaşlığı elan
etmək mənim üçün böyük şərəfdir. Biz kompüter elmləri üzrə bakalavr
proqramı ilə başlayırıq və daha sonra kompüter mühəndisliyi üzrə
bakalavr proqramını təqdim edəcəyik.
“Bu, sadəcə yeni bir məktəbin açılışı deyil. Bu, Bakıda kompüter
elmləri, data analitikası, süni intellekt və kibertəhlükəsizlik
sahələrində regional mükəmməllik mərkəzinin qurulmasına yönəlmiş
uzunmüddətli öhdəliyin başlanğıcıdır, – deyə icraçı direktor
vurğulayıb.
AzTU-nun rektoru Vilayət Vəliyev çıxışında diqqətə çatdırıb ki, AZSET layihəsi Azərbaycanın rəqəmsal gələcəyinə investisiyadır, universitet-sənaye əməkdaşlığının yeni modelidir və regional texnologiya liderliyinə doğru atılmış strateji addımdır. Bu layihənin ən böyük nəticəsi yüksəksəviyyəli mühəndislər, yeni texnologiyalar, startap ekosistemi və beynəlxalq rəqabət qabiliyyətli insan kapitalı olacaq.
Sonra “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb. Müqaviləni AZCON Holding tərəfindən icraçı direktor Şahin Babayev, Azərbaycan Texniki Universiteti tərəfindən rektor Vilayət Vəliyev və “TUM International GmbH” (TUMint) tərəfindən icraçı direktor Friederike Hettinger imzalayıblar.
