Bakı.Trend:
Döyüş janrında olan filmlərin məşhur aktyoru – Ceki Çan “Tanrının Dəbilqəsi” macəra saqasının sayca 4-cü, “Ultimatum” (Armour of God IV) adlı hissəsini Qazaxıstan və Azərbaycan ərazisində çəkəcək.
Trend xəbər verir ki, bu barədə “Variety” nəşrində məqalə dərc olunub.
Filmin rejissoru Robert Kundur, prodüseri isə “Salem Entertainment” olacaq. Çəkilişlərin əsas mərhələsi iyul ayında başlanılması planlaşdırılır və filmin 2027-ci ilin ikinci rübündə dünya üzrə böyük ekranlara çıxması hədəflənir.
Film “Alem Fund” fondunun maliyyə dəstəyini alıb. Bu fond Astana "International Financial Centre"də qeydiyyatdan keçib və Kazakhstanla əlaqəli film və media layihələrinin maliyyələşdirilməsi, eləcə də onların beynəlxalq nüfuzunun artırılması məqsədilə yaradılıb.
“Ultimatum”da Ceki Çanın canlandırdığı obraz – artefaktlar ovçusu olan Asiya Qırğısının (Asian Hawk) yeni macərələri davam edir. Qədim Tumar adlı artefakt uğrunda dünya miqyasında “ovun” başlaması və bu artefakt üçün 20 milyon dollardan çox mükafat təyin edilməsi ilə qəhrəman yenidən hadisələrin mərkəzinə qayıdır.
“Bu, mənim qazaxıstanlı tərəfdaşlarla ilk layihəmdir, amma sonuncu olmayacaq. Yaxın zamanda daha çox elanlarımız olacaq. Mən əvvəllər orada heç vaxt film çəkməmişəm və bu, tamaşaçılara təqdim edə biləcəyimiz bir çox yeni vizual və yaradıcı ideyalar açır”,- deyə Ceki Çan bildirib.
