Azərbaycan Güləş Federasiyasının Etika və İntizam komitəsi təsis edilib

İdman Materials 14 May 2026 00:04 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyasının Etika və İntizam komitəsi təsis edilib

Bakı. Trend:

Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsi təsis edilib.

Trend xəbər verir ki, AGF-nin İcraiyyə Komitəsinin qərarı ilə 5 nəfər üzvdən ibarət tərkibdə formalaşdırılan Etika və İntizam Komitəsinin (Komitə) ilk iclası keçirilib. İclasda Komitənin sədri Hüseyn Əliyev (ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis), üzvlər – Həsənağa Rzayev (MOK-un İdman idarəsinin müdiri), Xəzər İsayev (MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri), Firdovsi Umudov (Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi) və Əlibaba Əliyev (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Komitənin katibi), eləcə də AGF-nin Baş katibi Pərvin Piriyev iştirak ediblər.

İclasda AGF-nin İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilmiş Etika Məcəlləsi, Komitənin Əsasnaməsi və İntizam və Mübahisələrin həlli qaydaları müzakirə edilib, həmin daxili sənədlərin tətbiqiylə bağlı fikir mübadiləsi aparılıb, həmçinin Komitənin gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, 4 illik müddətə seçilmiş Komitənin əsas vəzifələri qeyri-etik davranışların qiymətləndirilməsi, preventiv tədbirlərin təşkili, maarifləndirici təşəbbüslərin reallaşdırılması, ədalətli oyun (Fair Play) və etik prinsiplərə nəzarət, “Safeguarding” (şəxsiyyətin qorunması) məsələlərinə nəzarət, sanksiyalar barədə qərarların qəbul edilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti