Bakı.Trend:
Hindistanın əsas aviadaşıyıcısı olan “Air India” hava yolları şirkəti Hörmüz boğazının bağlı qalması ilə əlaqədar yanacaq qiymətlərində baş verən bahalaşmaya görə, 100-dən çox həftəlik beynəlxalq hava reysini ləğv edib.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, xüsusilə, Yeni Dehlidən San-Fransisko, Paris və Torontoya aviareyslərin sayı azaldılıb.
İyun ayından etibarən isə, üç aylıq müddətə Çikaqo, Nyuark, Şanxay və Sinqapura hava reysləri tamamilə dayandırılacaq. Şirkət dünya bazarında aviasiya yanacağının qiymətinin bir barel üçün 162,8 dollara yüksəlməsi səbəbindən rentabelli olmayan xarici reyslərin sayını azaltmağa davam etməyi planlaşdırır.
Daha əvvəl yanacağın qiyməti bir barel üçün 99 dollar olduğu zaman onun alınmasına çəkilən xərclər aviadaşıyıcının büdcəsinin 40 faizini təşkil edirdi.
