“Bakı Dialoqları” jurnalının 2026-cı il yaz buraxılışı dərc olunub

Cəmiyyət Materials 14 May 2026 15:30 (UTC +04:00)
“Bakı Dialoqları” jurnalının 2026-cı il yaz buraxılışı dərc olunub

Bakı. Trend:

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının 2026-cı ilin yaz buraxılışı işıq üzü görüb.

“Dünyaya Məskən Olmaq: Təhlükəsiz və Dayanıqlı Şəhərlər və İcmalar” başlığı ilə təqdim olunan bu buraxılış BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışı ərəfəsində yayımlanıb və dayanıqlı şəhərlərin qurulması, mənzil siyasəti və inklüziv urban inkişaf məsələlərinin beynəlxalq gündəmdə artan əhəmiyyətini əks etdirir. Buraxılışın qonaq redaktoru Akademik məsələlər üzrə prorektorun müşaviri, İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi və Jan Mone kafedrasının rəhbəri Anar Vəliyevdir.

Jurnalın bu buraxılışında mənzil siyasətinin gələcəyi, təhlükəsiz və dayanıqlı şəhərlərin qurulması, urban transformasiya prosesləri və post-münaqişə dövründə icma quruculuğu kimi məsələlər geniş analitik çərçivədə təhlil edilir. Müəlliflər sürətlə dəyişən qlobal urbanizasiya tendensiyalarını həm beynəlxalq təcrübə, həm də Azərbaycan nümunəsi əsasında qiymətləndirirlər.

Buraxılışın ilk bölməsi “Mənzil və Şəhərlərin gələcəyi” mənzil siyasətinin şəhərlərin gələcəyinin formalaşdırılmasında oynadığı rol araşdırılır. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbaxın “Mənzil Məsələləri Diqqət Mərkəzində” məqaləsində mənzil təminatının sosial dayanıqlılıq və inklüziv inkişaf baxımından strateji əhəmiyyəti təhlil olunur. Silja Tillnerin “İnklüziv Yaşayış Mühütü: Vyana təcrübəsi” yazısında isə Vyana təcrübəsi əsasında inklüziv şəhər planlaşdırmasının əsas prinsipləri dəyərləndirilir.

“Bakıda və Azərbaycanda Mənzil Siyasəti: Onilliklər boyu transformasiya” bölməsi Azərbaycanda mənzil və şəhərsalma siyasətinin transformasiyasına həsr olunub. Bayram Axundov və Leyla Seyfutdinovanın “İcmalar Əsaslı Şəhər Yenidənqurması və Mədəni İrs” məqaləsində urban yenidənqurma proseslərinin tarixi irsin qorunması ilə əlaqəsi araşdırılır. Emir Hüseynovun “Yaşayış üçün Şəhərlər” yazısında insan mərkəzli şəhər konsepsiyası və müasir urban idarəetmə yanaşmaları təhlil edilir.

Bakıda əlçatan yaşayış məsələləri də ayrıca diqqət mərkəzində saxlanılıb. Karl Haddrell və Aysel Kərimlinin “Bakıda Əlçatan Mənzil” məqaləsində paytaxtda mənzil əlçatanlığı problemi və mümkün siyasət həlləri qiymətləndirilir. Deniz Özge Aytaçın “Bakıda Mənzil Təminatından Kənar” yazısında isə şəhər inkişafının yalnız yaşayış təminatı ilə məhdudlaşmayan daha geniş sosial və urban aspektləri araşdırılır.

Buraxılışın “Qarabağa Böyük Qayıdış” bölməsi Qarabağda bərpa və yenidənqurma proseslərinə həsr olunub. Leyla Həsənovanın “Mənzil Dayanıqlılığı” məqaləsində kimlik və mədəni yaddaşa əsaslanan memarlıq yanaşmalarının icma dayanıqlılığının formalaşdırılmasındakı rolu təhlil edilir. Lala Cumayeva, Fidan Namazova və Anar Vəliyevin birgə qələmə aldıqları “Davamlı və Dayanıqlı İcmaların Qurulması” yazısında isə azad edilmiş ərazilərdə dayanıqlı yaşayış məkanlarının qurulması məsələləri araşdırılır.

“Bakı Dialoqları” jurnalının bu buraxılışı şəhərlərin gələcəyi, sosial inklüzivlik və dayanıqlı urban inkişaf məsələlərinə dair beynəlxalq və regional baxışları bir araya gətirərək regionda urban siyasət müzakirələrinə mühüm töhfə verir.

Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün bakudialogues.idd.az səhifəsinə daxil ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti