Bakı. Trend:
Bu gün Qazaxıstanın Almatı şəhərində planlı seysmik təlim çərçivəsində həyəcan təbilləri səslənəcək.
Trend xəbər verir ki, xəbərdarlıq sistemləri yerli vaxtla saat 11:00-da işə salınacaq, həyəcan siqnalı ilə yanaşı mobil tətbiqlər vasitəsilə yerli əhalinin telefonlarına bildirişlər göndəriləcək.
““Hamının diqqətinə!” siqnalını eşitdikdən sonra insanlar televizor və ya radionu qoşmalı, mobil tətbiqlərə gələn bildirişlər və ya rəsmi internet resurslarındakı məlumatlarla tanış olmalıdırlar”,-deyə Almatı akimatının məlumatında qeyd olunur.
Həmçinin həyəcan siqnalı ilə bağlı məlumatda sakinlərə əvvəlcədən fövqəladə vəziyyət çantası hazırlamaq və təhlükəsiz yerə - binalardan, ağaclardan və elektrik xətlərindən uzaqda yerləşən açıq sahəyə gedən marşrutu müəyyənləşdirmək tövsiyə olunur.
