Mərkəzi Bank dayanıqlı maliyyə üzrə Yol Xəritəsinin icrası ilə bağlı hədəflərini açıqlayıb

İqtisadiyyat Materials 14 May 2026 13:13 (UTC +04:00)
Mərkəzi Bank dayanıqlı maliyyə üzrə Yol Xəritəsinin icrası ilə bağlı hədəflərini açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üçün müəyyən edilmiş strateji hədəflər çərçivəsində Mərkəzi Bank Dayanıqlı maliyyə sahəsində həyata keçirilən tədbirlər maliyyə sektorunda dayanıqlılığın gücləndirilməsi, iqlim risklərinin effektiv idarə olunması və yaşıl maliyyə axınlarının təşviq edilməsinə yönəlib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dayanıqlı maliyyə hesabatında qeyd edilib.

Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə Yol Xəritəsinin icrası ilə bağlı hədəfləri aşağıdakılardan ibarətdir:

1. Dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılması: Bu istiqamətdə bank sektorunda dayanıqlı maliyyə sahəsində bilik və bacarıqların artırılması məqsədilə ixtisaslaşmış təlim proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil edilərək qabaqcıl qlobal təcrübələrin öyrənilməsi və tətbiqinə imkan yaradacaq. Bununla yanaşı, beynəlxalq təşkilatlara üzvlüyün və əməkdaşlığın genişləndirilməsi vasitəsilə bank sektorunun institusional potensialının gücləndirilməsi, müasir yanaşmaların və standartların ölkədə tətbiqinin təşviqi təmin olunacaq. Bu çərçivədə seminarlar, vorkşoplar və metodoloji dəstək mexanizmləri vasitəsilə maliyyə institutlarının dayanıqlı maliyyə üzrə bilik bazasının sistemli şəkildə inkişaf etdirilməsi hədəflənir.

2. Dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılması: Dayanıqlı maliyyə axınlarının təşviqi məqsədilə uyğun ekosistemin formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcək. Bu çərçivədə yaşıl istiqraz bazarının inkişafı üçün beynəlxalq standartlara uyğun qanunvericilik bazasının hazırlanması, emissiya və hesabatlılıq tələblərinin müəyyən edilməsi, eləcə də stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Bununla yanaşı, sığorta sektorunda dayanıqlılığın gücləndirilməsi məqsədilə Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planı hazırlanacaq, iqlim risklərinin idarə olunması və ESİ meyarlarının tətbiqi təşviq ediləcək. Bu tədbirlər dayanıqlı investisiyaların artmasına və maliyyə sektorunun dayanıqlı inkişafına xidmət edəcək.

3. İqlim dəyişmələri və ESİ faktorlarının risklərin idarə edilməsinə inteqrasiyası: 2026-cı ildə bank sektorunda ESİ risklərinin inteqrasiyasının gücləndirilməsi məqsədilə ESİ Risk Radar Aləti layihəsi çərçivəsinə uyğun olaraq, ESİ təlimatı hazırlanacaq və Risk Radar nəticələrinin kredit qərarlarına inteqrasiyası müəyyən olunacaq, eyni zamanda banklar üçün maarifləndirmə tədbirləri keçiriləcək, pilot layihə çərçivəsində tikinti sektoru üzrə kredit təhlili sualları tamamlanacaq. Risk Radar Aləti üzrə yekun hesabat hazırlandıqdan sonra alətin prudensial siyasətə inteqrasiyası ilə bağlı tədbirlər görüləcək.

Bununla yanaşı, maliyyə sisteminin iqlim risklərinə qarşı dayanıqlığının kompleks şəkildə qiymətləndirilməsi məqsədilə keçid riskləri üzrə stres-testlərin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə yuxarıdan aşağıya (top-down) yanaşması tətbiq olunaraq iqlim siyasətləri, karbon qiymətlənməsi və texnoloji transformasiya kimi amillərdən irəli gələn keçid risklərinin makroiqtisadi göstəricilər üzərindən bank sektoruna ötürülmə kanalları sistemli şəkildə təhlil ediləcək. Bu çərçivədə əsas makroiqtisadi dəyişənlər (iqtisadi artım, inflyasiya, faiz və s.) üzrə ssenarilər formalaşdırılacaq və bu ssenarilərin (Əlavə1) bank sektorunun maliyyə sabitliyi göstəricilərinə təsiri qiymətləndiriləcək. Xüsusilə, keçid risklərinin bankların aktiv keyfiyyətinə təsiri, qeyri-işlək kreditlərin dinamikası, kredit portfellərinin sektorlar üzrə həssaslığı və kapital adekvatlığına mümkün təsirləri kəmiyyət modelləri vasitəsilə ölçüləcək. Bununla yanaşı, əldə olunan nəticələr əsasında bank sektorunun iqlim risklərinə qarşı həssaslığı müəyyən ediləcək, potensial sistemik risklər qiymətləndiriləcək və zəruri hallarda prudensial siyasət alətlərinin təkmilləşdirilməsi istiqamətində əsaslandırılmış təkliflər hazırlanacaq.

4. Maliyyə bazarlarında şəffaflığın və bazar intizamının təmin edilməsi: Bu çərçivədə dayanıqlı maliyyə üzrə illik hesabat hazırlanacaq və dayanıqlılıq göstəricilərinin açıqlanması üçün vahid metodologiya işlənib hazırlanacaq. Bununla yanaşı, Mərkəzi Kredit Reyestrinə istixana qazı emissiyalarına dair məlumatların inteqrasiyasını təmin etmək məqsədilə müvafiq hüquqi çərçivə formalaşdırılacaq, bu isə maliyyə institutlarının dayanıqlı investisiya və kredit qərarlarını daha səmərəli şəkildə qəbul etməsinə imkan yaradacaq.

Bu tədbirlər maliyyə sektorunda dayanıqlı inkişaf prinsiplərinin daha sistemli şəkildə tətbiqinə və iqlim risklərinin maliyyə sabitliyi baxımından daha effektiv idarə olunmasına xidmət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti