Bakı. Trend:
Bir neçə gündən sonra Bakı dünyanın urbanizasiya gündəliyinin əsas mərkəzlərindən birinə çevriləcək. Mayın 17-22-də Azərbaycan paytaxtı BMT-nin 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Bu, şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, urbanizasiya çağırışları və yaşayış keyfiyyətinin yaxşılaşdırılmasına həsr olunmuş ən böyük beynəlxalq platformadır. On minlərlə iştirakçını, yüzlərlə paneli və dünyanın müxtəlif regionlarından dövlət nümayəndələrini bir araya gətirəcək forum yalnız miqyasına görə deyil, həm də siyasi və strateji əhəmiyyətinə görə diqqət çəkir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Ən önəmli məqamlardan biri isə odur ki, WUF tarixində ilk dəfə forum Şərqi Avropa və Mərkəzi Asiya regionunda keçiriləcək və bu seçim məhz Azərbaycanın üzərində dayanıb. Bu isə təsadüfi qərar deyil. Son illərdə Azərbaycan həm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili, həm də şəhərsalma və urban transformasiya sahəsində topladığı praktik təcrübə ilə qlobal etimad qazanıb.
WUF13-ün miqyası özü-özlüyündə forumun əhəmiyyətini göstərir. Artıq tədbirdə iştirak üçün 30 mindən çox nümayəndə qeydiyyatdan keçib. Təxminən 180 ölkədən nümayəndələrin qatılması gözlənilir. Forum çərçivəsində yüzlərlə paralel sessiya, yüksək səviyyəli dialoqlar, dəyirmi masalar, tərəfdaş tədbirləri və Urban Expo sərgisi təşkil olunacaq. İlk dəfə olaraq forum proqramına dövlət və hökumət başçılarının iştirakı ilə “Liderlərin Bəyanatları” seqmenti də daxil edilib ki, bu da şəhərsalma məsələlərinin ən yüksək siyasi səviyyədə müzakirəsinə imkan yaradacaq", - o bildirib.
Onun sözlərinə görə, bu miqyaslı tədbirin Bakıda keçirilməsi Azərbaycanın uzun illər ərzində formalaşdırdığı institusional və təşkilati potensialın məntiqi nəticəsidir.
"Son iki onillikdə Bakı artıq dəfələrlə qlobal tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib. 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarının məhz Azərbaycanda təşkili ölkənin böyük idman tədbirlərini uğurla idarə edə bildiyini göstərdi. Ardınca İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-prisi, beynəlxalq enerji forumları, Qlobal Bakı Forumu, Bakı Beynəlxalq Multikulturalizm və Mədəniyyətlərarası Dialoq forumları, Qoşulmama Hərəkatının Zirvə Görüşü, Türk Dövlətləri Təşkilatının tədbirləri və digər böyük platformalar gəldi.
Lakin Azərbaycanın təşkilati imkanlarının ən ciddi sınağı şübhəsiz ki, COP29 oldu. 2024-cü ildə Bakıda keçirilən BMT İqlim Konfransı on minlərlə iştirakçı, yüzlərlə nümayəndə heyəti, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin eyni vaxtda iştirak etdiyi ən böyük diplomatik platformalardan biri idi.
Azərbaycan COP29 zamanı yalnız texniki baxımdan deyil, idarəetmə baxımından da özünü təsdiqlədi. Təhlükəsizlik, logistika, nəqliyyatın fasiləsiz fəaliyyəti, iştirakçıların akkreditasiyası, rəqəmsal xidmətlər və şəhər infrastrukturunun artan yükü problemsiz şəkildə idarə olundu. Dövlət strukturları arasında koordinasiya nümunəvi səviyyədə təşkil edildi. Bu isə göstərdi ki, belə tədbirlərin uğurla keçirilməsi yalnız ev sahibi statusu ilə yox, real institusional hazırlıq, təcrübə və idarəçilik bacarığı ilə mümkündür", - o bildirib.
A.Qarayev qeyd edib ki, məhz həmin təcrübə indi WUF13 hazırlığında da özünü göstərir.
"Azərbaycan forumun təşkilinə sistemli yanaşır. Xüsusi Təşkilat Komitəsi yaradılıb, nəqliyyat və logistika planları hazırlanıb, rəqəmsal həllər tətbiq olunub. Metrodan forum ərazisinə xüsusi marşrutların təşkili, real vaxt rejimində işləyən rəqəmsal nəqliyyat xəritəsi, iştirakçıların rahat hərəkəti üçün “yaşıl dəhliz” mexanizmləri, inklüzivlik standartlarının təmin edilməsi bu hazırlığın bir hissəsidir.
Əlamətdar məqamlardan biri isə odur ki, hazırlıq prosesi birbaşa dövlət rəhbərliyinin diqqəti altındadır. Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyev şəxsən Bakı Olimpiya Stadionunda yaradılan forum ərazisinə baş çəkərək görülən işlərlə tanış olub. Prezident İlham Əliyevə logistika, media infrastrukturu, nəqliyyat, təhlükəsizlik, akkreditasiya, könüllülərin fəaliyyəti və forum məkanında yaradılan şərait barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyevin prosesə birbaşa nəzarəti Azərbaycanın WUF13-ə nə qədər ciddi yanaşdığını göstərən mühüm siqnallardan biri kimi qiymətləndirilir. Çünki Azərbaycan təcrübəsində iri beynəlxalq tədbirlərin uğuru çox zaman yüksək siyasi koordinasiya və şəxsi nəzarət mexanizmləri ilə müşayiət olunub", - o bildirib.
Politoloq vurğulayıb ki, forumun əsas məkanı olacaq Bakı Olimpiya Stadionu ətrafında yaradılan əməliyyat zonası əslində ayrıca şəhərcik funksiyasını yerinə yetirəcək. Açılış və bağlanış mərasimləri üçün minlərlə insanın yerləşə biləcəyi infrastruktur qurulub, Urban Expo zonasında onlarla ölkənin pavilyonu fəaliyyət göstərəcək. Burada iştirakçıların həm peşəkar müzakirələr aparması, həm də şəhərsalma texnologiyaları və innovativ həllərlə tanış olması üçün geniş imkanlar yaradılır. Lakin WUF13-ün Bakı üçün əhəmiyyəti yalnız tədbirin təşkilati tərəfi ilə məhdudlaşmır. Əsas məsələ ondadır ki, Azərbaycan bu forumda yalnız ev sahibi kimi deyil, həm də şəhərlərin inkişaf təcrübəsi təqdim edən ölkə kimi çıxış edir.
"Son illərdə Bakı ciddi transformasiya keçib. Paytaxt postsovet şəhər modelindən çıxaraq müasir, dinamik və funksional metropolisə çevrilib. Yeni magistral yollar, nəqliyyat qovşaqları, ictimai məkanlar, parklar, bulvar zonaları və piyadalar üçün ərazilər yaradılıb. İctimai nəqliyyat sistemində yenilənmə aparılıb, elektrik avtobuslarının tətbiqi genişlənib, ekoloji təşəbbüslərə daha çox önəm verilməyə başlanıb.
Bakının maraqlı cəhəti ondadır ki, şəhər burada tarixi irs və müasir inkişaf arasında balans qurmağa çalışır. UNESCO siyahısına daxil olan İçərişəhərin dar küçələri müasir memarlıq nümunələri ilə eyni şəhər mühitində yanaşı mövcuddur. Bu isə WUF13-də müzakirə olunacaq əsas suallardan birinə — şəhərlər keçmişini qoruyaraq gələcəyi necə qura bilər — praktik cavab təqdim edir", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, ancaq Azərbaycanın urbanizasiya sahəsində təqdim edə biləcəyi ən diqqətçəkən nümunə Qarabağ və Şərqi Zəngəzurdur.
"İşğaldan azad olunmuş ərazilərdə hazırda müasir dünyanın ən böyük yenidənqurma və şəhərsalma layihələrindən biri həyata keçirilir. Burada söhbət sadəcə dağıdılmış yaşayış məntəqələrinin bərpasından getmir. Əslində yeni şəhərlər və kəndlər sıfırdan qurulur. Ağdam, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl, Xocalı, Laçın və Kəlbəcərdə hazırlanmış baş planlar şəhərlərin gələcəyini uzunmüddətli perspektivdən nəzərdən keçirir. Bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir. Rəqəmsal idarəetmə sistemləri, enerji səmərəli tikililər, bərpa olunan enerji mənbələrinin inteqrasiyası, müasir su təminatı və tullantıların idarə olunması sistemləri qurulur. Paralel olaraq Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” kimi inkişaf etdirilir. Günəş və hidroenerji layihələri həyata keçirilir, karbon emissiyalarının azaldılması istiqamətində həllər tətbiq olunur. Bu isə regionun sadəcə bərpası deyil, yeni inkişaf modeli əsasında qurulması deməkdir. Üstəlik, bütün bunlar qısa müddətdə reallaşdırılır. Yeni avtomobil yolları, hava limanları, elektrik xətləri, kommunikasiya sistemləri, yaşayış kompleksləri və sosial obyektlərin paralel şəkildə tikilməsi yüksək koordinasiya və strateji planlaşdırma tələb edir. Azərbaycanın son illərdə nümayiş etdirdiyi əsas üstünlüklərdən biri də məhz budur", - o bildirib.
A.Qarayev qeyd edib ki, bu baxımdan WUF13 Bakıya öz təcrübəsini qlobal auditoriyaya təqdim etmək, urbanizasiya, postmünaqişə bərpası, dayanıqlı şəhərlər və yaşayış məkanlarının inkişafı sahəsində praktik həlləri bölüşmək imkanı verir.
"Bu gün dünya şəhərləri iqlim dəyişikliyi, əhali artımı, mənzil çatışmazlığı, infrastruktur təzyiqləri və ekoloji risklərlə üz-üzədir. Belə bir dövrdə şəhərlərin gələcəyinə dair müzakirələrin Bakıda aparılması təsadüfi görünmür. Azərbaycan artıq təkcə beynəlxalq tədbirləri qəbul edən ölkə kimi deyil, həm də konkret təcrübə və həllər təqdim edən aktor kimi çıxış etməyə başlayıb. WUF13 isə bu statusu daha da möhkəmləndirəcək. Bakı bir neçə gün ərzində sadəcə forum keçirən şəhər deyil, şəhərlərin gələcəyinin müzakirə olunduğu qlobal qərar platformasına çevriləcək", - politoloq əlavə edib.
