Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Xuray kəndində səyyar qəbul keçirib.
Trend xəbər verir ki, qəbulda Seyidlikəndyeri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Xuray, Seyidlikəndyeri, Aslanoba və Aşağıoba kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və sel sularının yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
