Şüşa. Trend:
"Xarıbülbül" festivalı sadəcə incəsənət deyil, daha böyük bir anlam daşıyır.
Bu barədə Trend-ə Azərbaycanın Xalq Artisti, Dövlət Akademik Opera və Balet Teatrının direktoru və dünyaca məşhur tenor Yusif Eyvazov deyib.
"Hər dəfə bura gələndə məni duyğular bürüyür. Şuşaya qalxanda insanın ağlından eyni fikir keçir: bizim igidlərimiz yaralı və şəhid olmuş silahdaşlarını öz çiyinlərində daşıyaraq bu qayalara necə dırmaşıblar, onları necə tək qoymayıblar. Mən bu barədə daim düşünürəm və başa düşürəm ki, belə bir şücaətə nail olmaq üçün əsl qəhrəman olmaq lazımdır. Xəbərləri, Prezidentin çıxışlarını izləyərək və hisslərimizi bütün ölkə ilə bölüşərək düşüncələrimiz təkrar-təkrar o 44 günə qayıdır. Və buna görə də bu gün burada olmaq böyük bir xöşbəxtlikdir", - deyə o bildirib.
Y. Eyvazov qeyd edib ki, o, bir çox dünya səhnələrində - Berlində, Milanda, Parisdə - çıxış edib, lakin Şuşa səhnəsi xüsusidir.
"Bu, adi mənada opera teatrı deyil, burada incəsənətin sərhədlərini aşan daha böyük bir məna var. Xalqımızın ruhu, xüsusi bir aura burada hiss olunur və burada çıxış etməyi həqiqətən unikal edən də budur", - deyə o əlavə edib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərində, Cıdır Düzü düzündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX Beynəlxalq “Xarıbülbül” Musiqi Festivalının açılışı olub.
İki gün ərzində Şuşada müxtəlif məkanlarda konsertlər və mədəni tədbirlər keçiriləcək. Festivalın məqsədi mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, musiqi əlaqələrini gücləndirmək və müxtəlif ölkələrdən olan sənətçilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir.
