Şuşa. Trend:
"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi mədəniyyətinin zənginliyini dünyaya nümayiş etdirən mühüm bir platformadır.
Bu barədə Trend-ə festivalın qonağı, Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva deyib.
"Şuşada keçirilən "Xarıbülbül" festivalında iştirak etmək məni çox duyğulandırıb. Bu torpağın xüsusi enerjisi var, burada hər bir nota başqa cür səslənir — daha səmimi, daha dərin. Biz tariximiz, mədəniyyətimiz və bu torpaq uğrunda canlarından keçənlərin xatirəsi ilə ayrılmaz bir bağlılıq hiss edirik. Festival yüksək səviyyədə keçirilir və müxtəlif ölkələrdən istedadlı ifaçıları bir araya gətirir", - deyə o bildirib.
F. Hacıyeva qeyd edib ki, bu tədbirin bir hissəsi olmaqdan məmnundur və inanır ki, hər il festival daha da geniş miqyas alacaq, Şuşa isə daha canlı, ilhamverici və musiqi ilə dolu olacaq.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərində, Cıdır Düzü düzündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub.
İki gün ərzində Şuşada müxtəlif məkanlarda konsertlər və mədəni tədbirlər keçiriləcək. Festivalın məqsədi mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, musiqi əlaqələrini gücləndirmək və müxtəlif ölkələrdən olan sənətçilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir.
