Bakı. Trend:
Şuşada keçirilən 6-cı İƏT biznes forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Əfqanıstan Ticarət və İnvestisiya Palatası arasında görüş baş tutub.
Trend AZPROMO-ya istinadən xəbər verir ki, görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Qarabağın qədim tarixi, zəngin mədəni irsi barədə məlumat verib, daha sonra Agentliyin fəaliyyəti və əsas prioritet istiqamətləri haqqında danışıb.
Əfqanıstan Ticarət və İnvestisiya Palatasının sədri Təvakol Əhmədyar Əfqanıstan nümayəndə heyətinin Şuşaya səfərindən məmnunluğunu ifadə edərək, ölkəsinin Azərbaycana daha çox investisiya yatırmaqda maraqlı olduğunu bildirib.
Görüşdə iki ölkə arasında mövcud iqtisadi münasibətlərin gücləndirilməsi perspektivləri və potensial investisiya tərəfdaşlığı nəzərdən keçirilib, gələcək əməkdaşlıq üçün atıla biləcək addımlar müzakirə olunub.