Bakı. Trend:
2020-ci ilin dekabrında Qvadelupda baş vermiş Klod Jan-Pyer hadisəsi təkcə bir şəxsin faciəvi ölümü ilə məhdudlaşmır. Bu, Fransa və onun Karib dənizi bölgələrindəki keçmiş koloniyalar arasındakı mürəkkəb münasibətlərin, sistemli ayrı-seçkiliyin və polis toxunulmazlığının bir ifadəsinə çevrilib. Hadisənin təsirləri təkcə hüquqi və sosial sferada deyil, həm də simvolik və psixoloji sahədə dərin iz buraxıb.
Klod Jan-Pyer 67 yaşında idi. 2020-ci ilin 3 dekabrında iki polis tərəfindən saxlanıldıqdan bir neçə gün sonra xəstəxanada həyatını itirir. Polislərin verdiyi izahatla xəstəxana sənədlərində qeyd olunan (boyun onurğasında sınıq) tibbi diaqnoz uyğun gəlmir. Bu, ailənin haqlı olaraq polisə müraciət etməsi və məsələni ictimailəşdirməyə cəhd etməsi ilə nəticələnir. Lakin şikayətlərin rədd olunması, ailəyə məsələnin “üstünün örtülməsi” barədə dolayı mesajlar verilməsi dərin bir struktur problemin varlığını göstərir.
Hadisənin dönüş nöqtəsi, Klod Jan-Pyerin yoxlanılma anını əks etdirən videogörüntülərin yayımlanması olur. Bu kadrlarda polisin Klod Jan-Pyerin başına papağını qoyaraq onu ayağı ilə saxlaması Qvadelup və Martinik kimi keçmiş kölə koloniyalarında dərin travmatik assosiasiyalar yaradır. Bu davranış sadəcə fiziki zorakılıq deyil, həm də tarixi təhqirin bir forması kimi qavranılır.
Bu detalın filmdə geniş şəkildə işlənməsi təsadüfi deyil. 2024-cü ildə yayımlanmış “Républi-NIAL” sənədli filmi bu hadisəni təkcə hüquqi aspektdən deyil, həm də kolonial keçmişin davamı kimi təhlil edir. Filmdə Klod Jan-Pyerin ailə üzvləri, hüquq müdafiəçiləri və deputatların iştirakı ilə, bu hadisənin necə bir sistem probleminin simptomu olduğuna diqqət çəkilir.
2023-cü ildə istintaq yekunlaşır və qərar verilir: heç kim məsuliyyətə cəlb olunmur. Əksinə, polislərdən biri vəzifədə yüksəldilir. Bu qərar, hüquq sisteminin etibarlılığını sual altına alır və dövlət orqanlarının müstəmləkə keçmişinə qarşı səmimi münasibətini şübhə altında qoyur. Qvadelup cəmiyyətində bu, sadəcə bir ədalətsizlik deyil, dövlətin qara bədənlərə qarşı sistemli etinasızlığının sübutu kimi dəyərləndirilir.
2025-ci ilin martında Fransanın araşdırma yönümlü media orqanı Mediapart Klod Jan-Pyerin ölümünün polisin tətbiq etdiyi fiziki zorakılıq nəticəsində baş verdiyini təsdiqləyən tibbi rəy sənədlərini yayımlayır. Bu sənədlər əvvəlki istintaq qərarlarının qeyri-obyektivliyini ortaya qoymaqla yanaşı, ictimai təzyiqin və azad medianın hüquqi ədalət üçün necə kritik rol oynaya biləcəyini göstərir.
“Républi-NIAL” sənədli filmi yalnız bir şəxsin ölümünü sənədləşdirmək məqsədi daşımır. O, Fransa Respublikasının — “azadlıq, bərabərlik, qardaşlıq” şüarlarını daşıyan sistemin — keçmiş və indiki koloniyalarla münasibətindəki ziddiyyətləri ifşa edir. Film bu faciəni simvolik qətl, sistemin susqunluğu və riyakarlığı kimi təqdim edir.
Klod Jan-Pyerin ölümü və onun ətrafında baş verənlər, sadəcə bir şəxsi faciə deyil, institusional ayrı-seçkiliyin, postkolonial yadlaşmanın və qanun qarşısında bərabərliyin pozulmasının bariz nümunəsidir. Qvadelupda bu hadisə yalnız bir ailənin ədalət axtarışı deyil, bütöv bir cəmiyyətin tarixi ağrılarla üz-üzə qalaraq səsini ucaltdığı an oldu.
Fransa cəmiyyətində bu kimi hadisələrin hüquqi, ictimai və simvolik baxımdan layiqincə qiymətləndirilməməsi yalnız keçmişlə barışmağa deyil, gələcəyə də inamı zədələyir. Klod Jan-Pyerin adı isə bu gün Qvadelupda yalnız xatırlanan deyil, həm də mübarizə edilən bir ad kimi yaşayır.