Bakı. Trend:
Rəsmi Moskva Bakı ilə tərəfdaşlıq və müttəfiqlik münasibətlərində qalmaq istəyir və bütün fikir ayrılıqlarının konstruktiv şəkildə həll edilməli olduğunu hesab edir.
Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bəyan edib.
“Biz hələ də hesab edirik ki, məntiq yalnız bir şeyi diktə edir: Rusiya və Azərbaycan yaxın tərəfdaş və müttəfiq ölkələrdir və belə qalmalıdır. Bu ölkələri ortaq tarix, ortaq indiki zaman və ortaq gələcək birləşdirir.
Yaranan problemlər isə, şübhəsiz, konstruktiv şəkildə həll olunmalıdır – elə formada ki, bu, ikitərəfli münasibətlərimizin ümumi ruhuna uyğun olsun”, – deyə Kremlin nümayəndəsi qeyd edib.
Qeyd edək ki, iyunun 27-də səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bundan sonra 2 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Bildirilib ki, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.