...

Ölkə üzrə payızlıq taxıl sahələrinin 74,4%-də biçin başa çatıb

Cəmiyyət Materials 7 İyul 2025 12:10 (UTC +04:00)
Ölkə üzrə payızlıq taxıl sahələrinin 74,4%-də biçin başa çatıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 7-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 74,4 faizində biçin başa çatıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mövsüm ərzində 691 928 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 336 704 ton məhsul yığılıb.

Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 299 401 hektar buğda, 392 527 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 092 309 ton buğda, 1 244 394 ton arpa yığılıb. Buğda sahələrinin 60,5 faizində, arpa sahələrinin isə 90,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,5 sent/ha, arpa üzrə isə 31,7 sent/ha təşkil edir.

Artıq Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Lənkəran, Masallı, Salyan, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb. Ümumilikdə 22 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, o cümlədən 21 rayonda buğda, 38 rayonda isə arpa sahələrinin 95 faizdən çoxu biçilib.

Hazırda biçin prosesində 1 153 kombayn iştirak edir. Bunlardan 439 kombayn “Aqroservis” ASC-nin, 714 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn), Qusar (65 kombayn), Tovuz (57 kombayn), Qəbələ (54 kombayn), Oğuz (50 kombayn), Xaçmaz (49 kombayn), Şamaxı (48 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti