Bakı. Trend:
İƏT 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi Qafqazda dəyişən geosiyasi balans fonunda rəmzi və strateji əhəmiyyət kəsb edir.
Bunu Trend-ə müsahibəsində siyasi elmlər doktoru Nurbolat Nışınbayev (Qazaxıstan) bildirib.
“Xankəndinin İƏT sammiti üçün məkan kimi seçilməsi Azərbaycanın regional iqtisadi əməkdaşlıq mərkəzi kimi artan rolunu xarici oyunçulara göstərən bir mesajdır”, – deyə o qeyd edib.
Nışınbayev vurğulayıb ki, Xankəndidə keçirilən sammit yalnız iqtisadi deyil, həm də geosiyasi bir bəyanatdır və bu, Azərbaycanın liderliyi ilə davamlı inkişafa yönəlmiş yeni regional düzənin formalaşmasına xidmət edir.
Ekspert, həmçinin Qazaxıstanın İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığı məsələsinə də toxunub.
"Qazaxıstanın İƏT çərçivəsində əməkdaşlığının dərinləşdirilməsi bir sıra strateji əhəmiyyətli iqtisadi və siyasi imkanlar açır. Ölkə Cənubi Asiya, Yaxın Şərq və Qafqaz bazarlarına çıxış imkanı əldə edir, eyni zamanda İran və Türkiyə üzərindən, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə tranzit marşrutlarından daha fəal istifadə edə bilər. Bu isə xarici ticarətin şaxələndirilməsinə və Rusiya və Çin kimi ənənəvi istiqamətlərdən asılılığın azaldılmasına şərait yaradır", – deyə Nışınbayev izah edib.
Siyasi şərhçinin sözlərinə görə, İƏT-in enerji və infrastruktur layihələrində iştirak Qazaxıstanın neft-qaz və logistika sektorlarında ixrac potensialını gücləndirir.