Bakı. Trend:
Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə (GAİM) dərs ilinin yekun tədbiri təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Mərkəzin icraçı direktoru Murad Muradov ötən dərs ilində mərkəzdə 1000-dən çox uşaq və yeniyetmənin təhsil aldığını bildirib.
Gənclərin il ərzində təhsil, idman və fərdi inkişaf sahəsində qazandıqları uğurlardan bəhs edib. Həmçinin GAİM-in yeni veb-səhifəsi “gaim.ge” təqdim olunub.
Tədbir rəngarəng və yaddaqalan anlarla davam edib.
Gənc istedad Rəsul Xəlilov özü yazdığı rep deyib. Ardınca güləşçilər məharətlərini sərgiləyiblər. Mərkəzin gimnastı və “Enquri” ansamblının rəqqasəsi Alisa Krivoşeyeva “Jeirani” rəqsi ilə səhnəyə gözəllik qatıb, cüdoçular isə çıxışları ilə çeviklik və istedadlarını göstəriblər. Gənclərin çıxışları böyük maraq və alqışlarla qarşılanıb. Sonda məktəbəqədər hazırlıq kursunun 18 nəfər balaca məzununa diplomlar və hədiyyələr təqdim edilib.
Bundan əlavə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli rayonunun Sadaxlı kəndində yeni fəaliyyətə başlayan Təhsil və İnteqrasiya Mərkəzində isə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi günü keçirilib.
Mərkəzdə təhsil alan 89 nəfər şagirddən 63-ü sertifikat, 4-ü diplom və medal, eyni zamanda pul mükafatına layiq görülüb.
Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Samir Şərifov şagirdlərin düzgün qiymətləndirilməsinin tədris prosesinin əsas tərkib hissəsi olduğunu bildirib. Bu cür monitorinqlərin həm şagirdlər, həm də müəllimlər üçün təkmilləşmə və inkişaf imkanları yaratdığını, məqsədin isə zəif cəhətlərin müəyyənləşdirilərək onların aradan qaldırılması olduğunu deyib.
Tədbirdə Azərbaycan dili müəllimi Hümmət Əhmədov və gürcü dili müəllimi Bilnur Ağacanova da şagirdləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıblar.
Valideynlər mərkəzin kollektivi və müəllim heyətinə təşəkkürlərini bildirərək belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.