Türküstan. Trend:
Türk Dövlətləri Təşkilatının Qazaxıstanda keçiriləcək qeyri-rəsmi sammitində Türküstan bəyannaməsinin qəbulu gözlənilir.
Bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın bu gün Türküstanda (Qazaxıstan) keçiriləcək qeyri-rəsmi sammiti ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Baş katib qeyd edib ki, “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda keçiriləcək bu tədbir təşkilatın “Türk dünyası 2040 baxışı” çərçivəsində ümumi strateji baxışının irəlilədilməsində mühüm mərhələdir.
“Seçilmiş mövzu süni intellekt və rəqəmsal inkişafın iqtisadiyyatı, idarəetmə modellərini və beynəlxalq əməkdaşlığı sürətlə transformasiya etdiyi bir şəraitdə müasir qlobal kontekstdə son dərəcə aktualdır. Türküstan bu görüş üçün xüsusilə əhəmiyyətli məkandır. Türk dünyasının mənəvi mərkəzi kimi o, ortaq irsimizi əks etdirir, eyni zamanda biz ümumi gələcəyimizi qurmağa davam edirik”, - deyə o bildirib.
Kubanıçbek Ömüralıyev qeyd edib ki, son illərdə qeyri-rəsmi sammitlər təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətin mühüm hissəsinə çevrilib.
“Onlar rəsmi görüşləri tamamlayaraq dövlət başçıları arasında müntəzəm dialoq üçün daha çevik format təqdim edir. Bu, bizə mövqelərin uzlaşmasını qoruyub-saxlamağa, qarşılıqlı anlaşmanı gücləndirməyə və birgə təşəbbüslər üzrə dayanıqlı irəliləyişi təmin etməyə imkan verir. Sammitin Türküstan Bəyannaməsinin qəbulu da daxil olmaqla praktik nəticələr verəcəyini gözləyirik. Həmin sənəd yaxın dövr üçün əməkdaşlığımızın istiqamətini müəyyən edəcək. Gündəliyin əsas xüsusiyyəti isə qarşılıqlı fəaliyyətin əsas sahələrdə möhkəmləndirilməsinə yönəlmiş aydın və gələcəyə hesablanmış xarakter daşımasıdır”, - deyə TDT-nin Baş katibi bildirib.
O əlavə edib ki, görüş Qəbələ sammitindən sonra əldə olunmuş irəliləyişi qiymətləndirmək və prioritet istiqamətlər üzrə dinamikanı qorumaq imkanı yaradacaq.
“Ümumilikdə biz bu görüşü əməkdaşlığın daha da möhkəmləndirilməsi və təşkilatın mühüm və effektiv regional platforma kimi rolunun gücləndirilməsi üçün fürsət hesab edirik”, - deyə K.Ömüralıyev əlavə edib.
