...

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında təlimat təsdiqlənib

Cəmiyyət Materials 7 İyul 2025 13:03 (UTC +04:00)
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında təlimat təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat” təsdiqlənib.

Trend xəbər verir ki, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu Təlimat Bələdiyyələrlə iş baş idarəsinin (bundan sonra - Baş idarə) və regional ədliyyə idarələrinin (bundan sonra - İdarə) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı (bundan sonra - inzibati nəzarət) vəzifələrinin icrası qaydalarını müəyyən edir.

İnzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.

İnzibati nəzarət, həmçinin qanunvericilik və icra hakimiyyətləri tərəfindən Konstitusiyanın 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərlə bağlı nəzarətin Ədliyyə Nazirliyinə (bundan sonra - Nazirlik) həvalə edildiyi hallarda da həyata keçirilir.

İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.

İnzibati nəzarət həyata keçirilərkən Baş idarə və İdarə tərəfindən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır.

Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. İnzibati nəzarətin həyata keçirilməsi zamanı zərurət yarandıqda Baş idarənin və ya İdarənin rəisi tərəfindən ekspertlər və mütəxəssislər araşdırmaya cəlb edilə bilərlər.

İnzibati nəzarət üzrə kargüzarlıq işi müvafiq qanunvericiliyə uyğun olaraq aparılır.

Təlimatla geniş şəkildə bu linkdən tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, qərar iyunun 30-da qəbul olunub və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyulun 1-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti