Bakı. Trend:
200 minə yaxın tələbə “TələbəPlus” kartı ilə təmin edilməkdədir.
Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.
Bildirilib ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.
"Layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbək, promokod və endirimlərdən yararlana biləcəklər.
Layihəyə 350-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və digər məkanlarda müəyyən güzəştlər edilir. Hazırda əməkdaşlıq müqaviləsi imzalanmış 24 universitetdə bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə 200 minə yaxın tələbə “TələbəPlus” kartı ilə təmin edilməkdədir", - deyə məlumatda qeyd edilib.