Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycana Türkmənistandan 155,3 milyon kubmetr həcmində təbii qaz idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə qazın alışına çəkilən xərc 23,3 milyon ABŞ dolları olub.
Türkmənistandan təbii qazın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 125,7 milyon kubmetr və ya 1,8 dəfə, dəyər ifadəsi ilə 18,8 milyon ABŞ dolları, yaxud da 1,8 dəfə azalıb.
Belə ki, 2024-cü ilin ilk dörd ayında Azərbaycana Türkmənistandan 281 milyon kubmetr həcmində, 42,1 milyon ABŞ dolları dəyərində təbii qaz idxal edilmişdi.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycana idxal edilən təbii qazın həcmi 176,5 milyon kubmetr, dəyəri isə 27,2 milyon ABŞ dolları olub. Bununla yanaşı, ilin ilk dörd ayında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 8,2 milyard kubmetr, dəyəri isə 3,1 milyard ABŞ dolları təkil edib.
Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.