Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts dekabrın 15-də Berlində Volodimir Zelenski ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparacaq və daha sonra bir sıra Avropa İttifaqı (Aİ) və NATO liderləri müzakirələrə qoşulacaq.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius deyib.
"Almaniya kansleri Fridrix Merts bazar ertəsi günü Volodimir Zelenskini Almaniya-Ukrayna iqtisadi danışıqları və Ukraynada sülh danışıqlarının gedişatı ilə bağlı fikir mübadiləsi aparmaq üçün qəbul edəcək. Axşam saatlarında müzakirələrə çoxsaylı Avropa dövlət və hökumət başçıları, eləcə də Aİ və NATO liderləri qatılacaqlar", - deyə Ş.Kornelius qeyd edib.
Daha əvvəl "Bild" qəzeti V.Zelenskinin dekabrın 15-də F.Merts ilə görüşmək üçün Berlinə gələcəyini bildirib.. Ukraynadakı nizamlama ilə bağlı "Avropa üçlüyü" formatında (Almaniya, Böyük Britaniya və Fransa) danışıqların aparılması da planlaşdırılır.