Bakı. Trend:
Türkiyənin Sakarya vilayətinin Serdivan rayonunda silahlı insident baş verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, mübahisə zəmnində törədilmiş insident nəticəsində 1 nəfər ölüb, bir nəfər yaralanıb. Silahlı insident ötən gecə yerli vaxtla 23:30 radələrində Serdivan rayonunun İstiklal məhəlləsində fəaliyyət göstərən iki sahibkar arasında baş verib. Küçədə üzbəüz qonşu olan tütün məmulatları satan dükanın sahibi ilə oyun salonunun sahib və işçiləri arasında hələlik naməlum səbəbdən mübahisə yaranıb.
Mübahisənin davaya çevrilməsi zamanı tütün məmulatları mağazasında çalışan və şəxsiyyəti müəyyən edilməyən şübhəli şəxs tapança ilə qarşı tərəfə atəş açıb. Açılan atəş nəticəsində adları hələlik açıqlanmayan iki nəfər yaralanıb. Hadisədən sonra şübhəli şəxs hadisə yerindən qaçıb.
Ətrafdakıların məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılan yaralılardan biri həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
