Bakı. Trend:
Argentina milli futbol komandası 2026-cı il dünya çempionatında iştirak hüququndan məhrum edilə bilər.
Trend xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.
Məlumata görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Argentina Futbol Assosiasiyası (AFA) daxilindəki korrupsiya qalmaqalına görə komandaya qarşı sanksiyalar tətbiq edə bilər. Təşkilatın rəhbəri Klaudio Tapia və onun bir neçə tabeliyində olan şəxs qanunsuz varlanmaqda şübhəli bilinir. Hazırda istintaq davam edir və işdə futbol rəsmilərinə himayədarlıq edən bir neçə Argentina rəsmisinin də adı hallanır.
"La Nacion" qeyd edir ki, FIFA hökumətin milli futbol federasiyalarının işlərinə müdaxiləsinə son dərəcə mənfi yanaşır. AFA əməkdaşlarına qarşı məhkəmə prosesləri səbəbindən Argentina milli komandası 2026-cı il Dünya Kubokunda iştirak etməkdən kənarlaşdırıla bilər.
FIFA Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina Əlcəzair, İordaniya və Avstriya ilə bir qrupda yer alır və hazırda Dünya Çempionudur.
