...

SEPAH Fars körfəzində ABŞ hərbi obyektlərinə qarşı yeni hücum dalğası elan etdi

Dünya xəbərləri Materials 2 Mart 2026 21:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzi bölgəsindəki ABŞ hərbi obyektlərinə və aktivlərinə qarşı yeni hücum dalğası elan etdiyini bildirib.

Trend xəbər verir ki, bu barədə SEPAH rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, “Əsl Vəd 4” əməliyyatının on ikinci dalğası çərçivəsində 26 hücum dronu və beş ballistik raketdən istifadə edilib. İddialara görə, zərbələr Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Hörmüz boğazında yerləşən ABŞ-ın sabit və mobil hərbi hədəflərinə yönəlib.

SEPAH iddia edir ki, Küveytdə yerləşən Arifcan hava bazasına 12 dronla iki mərhələdə hücum həyata keçirilib.

Həmçinin bildirilib ki, BƏƏ-də yerləşən Əl-Minhad hava bazasındakı ABŞ komandanlıq mərkəzi altı dron və beş ballistik raketlə vurulub.

Bəyanata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki obyektlərinə də altı dron hücum edib.

İİKK əlavə edib ki, “Athens Nova” adlı tanker iki dron tərəfindən vurulub və Hörmüz boğazında yanmaqda davam edir.

Qeyd edək ki, bu məlumatlar ABŞ, Körfəz ölkələri və ya digər beynəlxalq mənbələr tərəfindən hələlik müstəqil şəkildə təsdiqlənməyib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Xəbər lenti

Xəbər lenti