Bakı. Trend:
İndiyədək Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası ərəfəsində energetika naziri Pərviz Şahbazov “TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepatti ilə görüşdə Avropa və Balkanların enerji şəbəkələrinə inteqrasiya olunmuş strateji infrastruktur layihəsi olan TAP-ın etibarlı enerji təchizatında mühüm rolu qeyd olunub.
2026-cı ilin əvvəlində TAP-ın genişləndirməsinin birinci mərhələsinin tamamlanması çərçivəsində boru kəmərinin ötürücülük gücünün əlavə olaraq 1,2 milyard artırılması yüksək qiymətləndirilib. Bildirilib ki, hazırda təbii qaz bazarının inkişafı və tələbatdakı dəyişikliklər dəyərləndirilir, eləcə də növbəti genişlənmə üçün bazar testinin məcburi mərhələsinin gələn ilin birinci rübündə başlanması planlaşdırılır.
Qeyd edək ki, Trans-Adriatik qaz kəməri (TAP) Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından hasil olunan təbii qazın birbaşa Avropa bazarlarına nəqlini təmin edir.
Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Trans-Adriatik boru kəməri (TAP) 2026-cı ilin yanvar ayından etibarən qazın nəqli üzrə yeni saziş (Gas Transportation Agreement – GTA) çərçivəsində əlavə uzunmüddətli ötürücülük gücünü istifadəyə verib.
