Bakı. Trend:
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “CSKA Sofia” oyununun biletləri bu gün satışa çıxarılacaq.
Ağdam təmsilçisinin sosial şəbəkə hesabındakı paylaşıma görə, biletlərin satışı 18 iyul saat 15:00-dan etibarən başlayacaq.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manat, VIP sektorlar üzrə biletlər 50, 75 və 100 manat, VVIP sektor üzrə biletlər isə 150 manat təşkil edir.
Klubdan bildirilib ki, VVIP sektora bilet alan azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn bilet alışı zamanı çətinlik yaranacağı təqdirdə, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Klub azarkeşləri saxta biletlərə aldanmamağa çağırıb və stadiona girişin yalnız etibarlı QR kodlu biletlə mümkün olacağını diqqətə çatdırıb.
