Bakı. Trend:
Malinin şimalında separatçı tuareq qrupları və cihadçıların təşkil etdiyi pusqu nəticəsində azı 50 hərbçi həlak olub. Bu, son 15 ildə ölkədə davam edən silahlı münaqişə dövründə Mali ordusunun üzləşdiyi ən ağır itkilərdən biridir.
Hücum iyulun 18-də ölkənin şimalındakı strateji Anefis şəhərindən Qao şəhərinə doğru hərəkət edən hərbi karvana qarşı həyata keçirilib. Hadisə son həftələrdə uğrunda şiddətli döyüşlərin getdiyi Ənəfisdən qoşunların çıxışı zamanı baş verib.
Hakimiyyətə yaxın yerli mənbənin "Agence France-Presse"ə verdiyi məlumata görə, hücum nəticəsində 50-dən çox hərbçi öldürülüb, azı 24 nəfər isə əsir götürülüb.
İyulun əvvəlində "Əl-Qaidə" ilə əlaqəli İslam və Müsəlmanlara Dəstək Qrupu (GSIM) və Azavadın Azadlığı Cəbhəsi (FLA) genişmiqyaslı birgə əməliyyat keçirərək Anefis şəhərini müvəqqəti ələ keçirmiş, Mali Silahlı Qüvvələri və Rusiyanın Africa Corps hərbiləşdirilmiş qüvvələrinin müdafiə etdiyi hərbi bazanı mühasirəyə almışdı.
Mali ordusundakı mənbə bildirib ki, həlak olanların sayı çoxdur və bəzi hərbçilər əsir götürüldükdən sonra edam ediliblər.
Mənbələrin sözlərinə görə, hücum zamanı Mali ordusuna dəstək verən rusiyalı hərbiləşdirilmiş qüvvələr artıq Qao şəhərinə çatmışdı və onların arasında itki qeydə alınmayıb. Yerli rəsmilər rus qüvvələri ilə Mali ordusu arasında koordinasiya problemlərinin olduğunu bildiriblər.
Hücuma görə məsuliyyəti GSIM və FLA öz üzərinə götürüb. Mali ordusu isə yalnız hərbi karvanın "terrorçu silahlı qrupların təşkil etdiyi pusquya düşdüyünü" təsdiqləyib, lakin itkilərin sayını açıqlamayıb.