6 ayda 8,5 milyon təhlükəli keçid bloklanıb

Telekommunikasiya Materials 20 İyul 2026 10:28 (UTC +04:00)
6 ayda 8,5 milyon təhlükəli keçid bloklanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) 6 ayda 8,5 milyon təhlükəli keçid və 2,6 milyon zərərli e-poçtu bloklayıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) 2026-cı ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirəsində bildirilib ki, hesabat dövründə dövlət informasiya ehtiyatlarının və kritik informasiya infrastrukturunun mühafizəsinin gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

XRİTDX-nin rəisi general-leytenant İlqar Musayevin sözlərinə görə, “AzStateNet” şəbəkəsində tətbiq olunan yeni nəsil təhlükəsizlik həlləri vasitəsilə 8,5 milyona yaxın təhlükəli URL keçidi, eləcə də 4 milyondan artıq virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan şəbəkə trafiki bloklanıb. Eyni zamanda, “Sandbox” sistemi tərəfindən 64 mindən artıq zərərverici fayl aşkarlanaraq zərərsizləşdirilib.

Müşavirədə qeyd olunub ki, ilk altı ay ərzində ümumilikdə 2,5 milyona yaxın kibertəhdid zərərsizləşdirilib. Onlardan 700 mindən çoxu mərkəzləşdirilmiş antivirus sistemi, qalan hissəsi isə digər müasir kibertəhlükəsizlik həlləri vasitəsilə bloklanıb.

Bildirilib ki, hesabat dövründə dövlət elektron poçt xidməti vasitəsilə 8 milyondan artıq elektron məktub emal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artım deməkdir. Emal olunan məktubların 5,7 milyonu istifadəçilərə təhlükəsiz çatdırılıb, 2,6 milyondan çox zərərli elektron məktub isə bloklanıb.

Müşavirənin yekununda kibermüdafiə imkanlarının daha da gücləndirilməsi, rəqəmsal təhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlərin genişləndirilməsi və strateji hədəflərin vaxtında icrası ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti