Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 119 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 18 İyul 2026 21:19 (UTC +04:00)
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 119 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyənin 30 vilayətində həyata keçirilən genişmiqyaslı antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 119 nəfər saxlanılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat jandarma qüvvələri tərəfindən İstanbul, Ankara, Adana, Antalya, Bursa, Qaziantep, Kocaeli, Konya, Mardin, Samsun, Van da daxil olmaqla 30 vilayətdə keçirilib.

Saxlanılan şəxslər İŞİD-in üzvü olmaqda, sosial şəbəkələr vasitəsilə terror təşkilatının təbliğatını aparmaqda, həmçinin terror təşkilatı ilə əlaqəli şəxslər və guya xeyriyyə təşkilatları vasitəsilə onun maliyyələşdirilməsində ittiham olunurlar. Əməliyyat nəticəsində terror təşkilatına aid çox sayda sənəd və rəqəmsal material ələ keçirilib.

Xatırladaq ki, iyunun sonunda Ankaranın cənubunda İŞİD-lə əlaqədə şübhəli bilinən bir nəfər polis əməkdaşları ilə baş vermiş silahlı qarşıdurma zamanı zərərsizləşdirilmişdi. Hadisə Türkiyə paytaxtında NATO sammitinin keçirilməsinə iki həftə qalmış baş vermişdi.

Bundan sonra Ankara prokurorluğunun göstərişi ilə İŞİD və solçu ekstremist qruplaşmalarla əlaqədə şübhəli bilinən daha 209 nəfər saxlanılmışdı.

Xəbər lenti

Xəbər lenti