Bakı.Trend:
Azərbaycanda ən yaxşı təhsili ölkədən çıxmadan almaq üçün imkanlar genişlənir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Həsən Həsənli “IT SkillSprint” beynəlxalq təhsil proqramının bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Prezidentin sərəncamı ilə 2007-ci ildən xaricdə təhsil üzrə dövlət proqramı həyata keçirilir və hazırda da hər il 500 azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil almağa göndərilir.
Nazir müavininin sözlərinə görə, bununla yanaşı, əsas məqsəd gənclərin ölkədən kənara çıxmadan dünyanın ən yaxşı təhsilini və qabaqcıl texnologiyalarını Azərbaycanda əldə edə bilməsi üçün şərait yaratmaqdır.
H.Həsənli qeyd edib ki, son illərdə təhsil sahəsində aparılan islahatlar, ikili diplom proqramları, “bootcamp”lər, yeni fakültələrin yaradılması və beynəlxalq tərəfdaşlarla həyata keçirilən layihələr bu məqsədə xidmət edir. Onun sözlərinə görə, “IT SkillSprint” proqramı da bu yanaşmanın uğurlu nümunələrindən biridir.
Nazir müavini vurğulayıb ki, proqramın əsas üstünlüklərindən biri təhsil ilə sənaye arasında əlaqələrin gücləndirilməsi, tələbələrin nəzəri biliklərlə yanaşı əmək bazarının tələblərinə uyğun praktik bacarıqlara yiyələnməsidir.
O əlavə edib ki, universitetlərdə əmək bazarının tələb etdiyi ixtisasların tədrisi məzun olmaqla iş tapmaq arasındakı müddəti minimuma endirməyə imkan verir. H.Həsənli bildirib ki, artıq proqram iştirakçılarından bəziləri üçüncü kursda oxuya-oxuya işlə təmin olunublar və gələcəkdə bu göstəricinin daha da artacağı gözlənilir.
