Bakı.Trend:
İranın Energetika Nazirliyi ABŞ-nin ölkənin cənubunda enerji infrastrukturuna endirdiyi zərbələrdən sonra elektrik şəbəkəsinin yüklənməsi fonunda vətəndaşları elektrik enerjisindən istifadəni azaltmağa çağırıb.
Nazirliyin cümə günü yaydığı bəyanatda bildirilib ki, ölkənin cənub bölgələrində hazırda "həddindən artıq isti hava şəraiti və enerji infrastrukturuna hücumlar" müşahidə olunur.
Bununla belə, nazirlik hücumlarda elektrik stansiyalarının, ötürücü xəttlərin və ya digər avadanlıqların hədəf alıb-almadığını dəqiqləşdirməyib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən, demək olar ki, iflic vəziyyətə gəlib.
