Bakı.Trend:
Yaxın Şərqdə silahlı münaqişənin yenidən alovlanması fonunda İran Omanda yerləşən ABŞ Silahlı Qüvvələrinə məxsus iki radara zərbələr endirib. Zərbələr nəticəsində radarların sıradan çıxdığı bildirilir.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) mətbuat xidməti məlumat yayıb.
"Bu gün səhərin erkən saatlarında cavab əməliyyatlarının davamı olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri "Nəsr-2" əməliyyatının 13-cü dalğası çərçivəsində Salama adasının qayalarında yerləşən dəniz müşahidə radarını, həmçinin Omanın Qənam bölgəsində yerləşdirilmiş ABŞ-yə məxsus hava nəzarəti radarını vuraraq məhv edib", – deyə bəyanatda bildirilir.
ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
