Bakı.Trend:
Azərbaycanın "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) növbəti görüşə ev sahibliyi etməsi ilə bağlı təklifi qüvvədə qalır.
Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyanın XİN rəhbəri Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, bu təşəbbüs ilk dəfə 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.
"Eyni zamanda, qeyd etmək vacibdir ki, 2021-ci ildə Cənubi Qafqazdakı vəziyyət və regional dinamika fərqli idi. Bu gün isə vəziyyət köklü şəkildə dəyişir. İndiyədək format çərçivəsində üç görüş keçirilib – Moskvada, Tehranda və 2024-cü ildə İstanbulda. Üçüncü görüşün yekununda Azərbaycan tərəfi növbəti iclasın ölkəmizdə keçirilməsini təklif edib. Hesab edirik ki, bu formata tələbat var və əhəmiyyətlidir. Lakin iştirakçı dövlətlər ölkələrimiz üçün qarşılıqlı maraq doğuran bütün məsələlər kompleksini müzakirə etməlidirlər. Bu anlayış və belə deyək, konsensus yanaşma əsasında Azərbaycanın növbəti görüşə ev sahibliyi etməsi ilə bağlı təklifi qüvvədə qalır", – deyə C.Bayramov bildirib.
