Bakı.Trend:
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət kursunu, regional baxışını və gələcək inkişaf prioritetlərini əhatə edən mühüm strateji mesajlar idi.
Bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.
Onun sözlərinə görə, dövlət başçısının çıxışı Azərbaycanın dəyişən geosiyasi reallıqlar fonunda həm regionda, həm də beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirdi.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq əməkdaşlığa, qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasətinin dəyişməz olduğunu bir daha bəyan etdi:
“Xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıqla bağlı verilən mesajlar göstərir ki, Azərbaycan Cənubi Qafqazın etibarlı tərəfdaşı və Avrasiya məkanının mühüm logistika və enerji mərkəzlərindən birinə çevrilib”.
A.Həsənovanın sözlərinə görə, Prezidentin Qarabağ və Şərqi
Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış
proqramı və bölgənin iqtisadi dirçəlişi ilə bağlı səsləndirdiyi
faktlar Azərbaycanın öz milli resursları hesabına tarixi ədaləti
bərpa etməklə yanaşı, regionda dayanıqlı inkişaf modelini
formalaşdırdığını nümayiş etdirir. Deputat hesab edir ki, bu proses
təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcək
iqtisadi və siyasi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat vurğulayıb ki, çıxışın diqqətçəkən məqamlarından biri də
Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət
kursunun bir daha təsdiqlənməsi oldu: “Cənab Prezident İlham
Əliyevin Avropa İttifaqı, ABŞ, Türkiyə, Mərkəzi Asiya dövlətləri,
müsəlman ölkələri və digər tərəfdaşlarla münasibətlərə dair
səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan milli maraqlara
əsaslanan əməkdaşlığı davam etdirməkdə qərarlıdır”.
A.Həsənova bildirib ki, Prezidentin regional və qlobal təhlükəsizliklə bağlı fikirləri xüsusi əhəmiyyət daşıyır: “Dövlət başçısının beynəlxalq hüquqa söykənən ədalətli sülh, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin dialoq yolu ilə həlli ilə bağlı çağırışları Azərbaycanın məsuliyyətli dövlət kimi mövqeyini bir daha ortaya qoyur. Ölkəmizin son illərdə müxtəlif beynəlxalq platformalarda vasitəçilik təşəbbüslərində fəal iştirakı da məhz bu siyasətin nəticəsidir”.
Deputat qeyd edib ki, Media Forumunun da məhz Şuşada keçirilməsi dərin siyasi və mənəvi məna daşıyır: “Bu, bir tərəfdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa işlərinin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi, digər tərəfdən isə Şuşanın artıq beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrildiyini təsdiqləyir”.
Deputatın fikrincə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini, milli maraqlara söykənən xarici siyasət kursunu və ölkəmizin regional lider mövqeyini bir daha aydın şəkildə nümayiş etdirdi. O vurğulayıb ki, Azərbaycanın güclü iqtisadiyyatı, müstəqil siyasi iradəsi və beynəlxalq nüfuzu ölkənin qarşıdakı illərdə də regionun əsas inkişaf və sabitlik mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
