Bakı.Trend:
“Bir pəncərə” platformasında 2-3 saat çəkən proses artıq 7-8 dəqiqəyə tamamlanır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri “Bir pəncərə” Rəqəmsal Logistika Platforması-nın layihə rəhbəri Ehtiram Quliyev “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində çıxışı zamanı deyib.
“Platformanın rəsmi açılışı bu günə təsadüf etsə də, bir neçə xidmət artıq aprel ayından etibarən sakit rejimdə istifadəçilərə təqdim olunub. Bu müddət ərzində fumiqasiya aktı üzrə 60-dan çox şirkətdən 180-dən çox müraciət daxil olub. İstifadəçi rəylərinə əsasən, rəqəmsallaşmadan əvvəl 2-3 saat vaxt aparan proses artıq 7-8 dəqiqə ərzində icra olunur”, - deyə o bildirib.
Layihə rəhbərinin sözlərinə görə, ixrac gömrük bəyannamələri üzrə də artıq ilkin nəticələr əldə olunub.
“İxrac gömrük bəyannamələri üzrə hazırda 10-dan çox şirkətdən 60-dan çox müraciət qəbul etmişik. İlkin rəylər göstərir ki, proseslər daha sürətli həyata keçirilir və xidmət keyfiyyəti baxımından müsbət nəticələr əldə olunur”, - deyə E.Quliyev qeyd edib.
O bildirib ki, platforma xarici ticarət proseslərində məlumatların təkrar daxil edilməsini aradan qaldıracaq və bütün idxal, ixrac və tranzit əməliyyatlarını vahid rəqəmsal mühitdə birləşdirəcək.
“Bizim məqsədimiz təkrarçılığı aradan qaldırmaq və vaxt baxımından səmərəliliyi təmin etməkdir. Biznes subyekti yalnız bir dəfə minimal məlumat təqdim etməklə digər əlaqəli bütün xidmətlərdən istifadə edə biləcək”, - deyə layihə rəhbəri vurğulayıb.
Ehtiram Quliyev əlavə edib ki, hazırda BMT-nin CEFACT standartları əsasında elektron beynəlxalq əmtəə-nəqliyyat qaiməsi (e-CMR) üzrə Türkiyə və Rusiya ilə inteqrasiya istiqamətində işlər aparılır, gələcəkdə isə platformanın tərəfdaş ölkələrin analoji sistemləri ilə məlumat mübadiləsini təmin etməsi nəzərdə tutulur.
