Azərbaycan Fələstinə dəstəyini konkret addımlarla nümayiş etdirir - Şərh

Siyasət Materials 16 İyul 2026 16:26 (UTC +04:00)
Azərbaycan Fələstinə dəstəyini konkret addımlarla nümayiş etdirir - Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Fələstin xalqına dəstəyini yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla nümayiş etdirir.

Bu fikirləri Trend-ə açıqlamasında bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycanın xarici siyasəti ilə bağlı müxtəlif iddialar səsləndirən dairələr ölkəmizin Fələstin məsələsinə münasibətini qərəzli şəkildə təqdim etməyə çalışsalar da, faktlar tamamilə fərqli mənzərə ortaya qoyur.

Deputat bildirib ki, Azərbaycan Fələstin xalqına dəstəyini ardıcıl diplomatik fəaliyyət, beynəlxalq platformalarda nümayiş etdirdiyi mövqe və İslam dünyası ilə əməkdaşlığın inkişafı vasitəsilə praktik müstəviyə daşıyır. O qeyd edib ki, bu yanaşma Azərbaycanın sözlə əməl arasında fərq qoymayan məsuliyyətli dövlət siyasəti həyata keçirdiyini göstərir.

V.İskəndərov vurğulayıb ki, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları da bu siyasətin növbəti təsdiqi olub. Onun sözlərinə görə, tədbirin açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və səsləndirdiyi fikirlər Azərbaycanın İslam dünyası ilə əlaqələrə strateji əhəmiyyət verdiyini bir daha nümayiş etdirib. Deputat hesab edir ki, bu cür mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək ölkəmizin artan nüfuzunu göstərməklə yanaşı, müsəlman dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə real töhfə verir.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın region ölkələri ilə intensiv siyasi dialoqu da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. O xatırladıb ki, bu il Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib. V.İskəndərovun fikrincə, belə yüksək səviyyəli təmaslar Fələstin məsələsi də daxil olmaqla regional gündəlikdə duran məsələlər üzrə qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm siyasi mesajdır.

O əlavə edib ki, Azərbaycanın İslam həmrəyliyinə sadiqliyi beynəlxalq parlament diplomatiyasında da özünü aydın şəkildə göstərir. Deputatın sözlərinə görə, İƏT Parlament İttifaqının 20-ci Sessiyasının iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciət ölkəmizin müsəlman dövlətlərinin birliyi və həmrəyliyi naminə apardığı ardıcıl siyasətin növbəti ifadəsi olub. O vurğulayıb ki, Azərbaycan uzun illərdir bu prinsipi yalnız bəyan etmir, həm də konkret təşəbbüslər və beynəlxalq əməkdaşlıq formatları vasitəsilə həyata keçirir.

V.İskəndərov bildirib ki, Fələstinlə münasibətlər yalnız siyasi müstəvi ilə məhdudlaşmır. Onun sözlərinə görə, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində də real perspektivlər mövcuddur. Deputat qeyd edib ki, Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı imkanlarının nəzərdən keçirilməsi hər iki tərəf üçün qarşılıqlı fayda yarada bilər. O bildirib ki, bu, iqtisadi əlaqələrin inkişafına xidmət etməklə yanaşı, Fələstin iqtisadiyyatının dəstəklənməsinə də praktik töhfə verə bilər.

Deputatın sözlərinə görə, bütün bunlar Azərbaycanın Fələstin məsələsində ardıcıl, prinsipial və balanslı siyasət yürütdüyünü göstərir. O vurğulayıb ki, ölkəmizin atdığı addımlar Azərbaycanın İslam dünyasının həmrəyliyini gücləndirməyə, tərəfdaş dövlətlərlə əlaqələri inkişaf etdirməyə və Fələstin xalqına dəstəyini konkret fəaliyyətlə nümayiş etdirməyə davam etdiyini sübut edir. V.İskəndərov hesab edir ki, bu reallıq fonunda Azərbaycanı bu məsələdə tənqid etməyə çalışan dairələrin iddiaları faktlar qarşısında əsassız görünür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti