Bakı.Trend:
Yaxın Şərqdə baş verən münaqişə alüminium, kükürd və kritik əhəmiyyətli mineralların istehsalı üçün xammal tədarükünə təsir göstərib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəsmi saytında dərc olunmuş "Kritik əhəmiyyətli minerallar bazarının qlobal icmalı 2026" hesabatında qeyd edilib.
Hesabata görə, münaqişənin əsas təsirləri neft və qaz bazarlarında hiss olunsa da, Hörmüz boğazının bağlanması mineral və metal bazarlarına, xüsusilə də alüminium, kükürd və helium bazarlarına əhəmiyyətli təsir göstərib.
IEA-nın məlumatına görə, Yaxın Şərq ölkələrinin payına dünya üzrə alüminium istehsalının təxminən 8 faizi düşür.
"Həmçinin regiondakı bir neçə alüminium zavodunda istehsalın məhdudlaşdırılması bazarda gərginliyi artırıb. Bundan əlavə, region dünya üzrə kükürd tədarükünün təxminən dörddəbirini təmin edir və bu xammalın dəniz yolu ilə qlobal daşımalarının yarısı Hörmüz boğazından keçir. Kükürd gübrələrin istehsalı, eləcə də mis, litium, kobalt, nikel və nadir torpaq elementləri daxil olmaqla bir sıra kritik əhəmiyyətli mineralların emalı üçün zəruri olan sulfat turşusunun istehsalında əsas xammaldır", – deyə agentlik bildirib.
Hesabatda vurğulanır ki, kükürd tədarükündə yaranan fasilələr Çini 2026-cı ilin may ayında sulfat turşusunun ixracını məhdudlaşdırmağa sövq edib ki, bu da həm kritik əhəmiyyətli minerallar sektorunun, həm də gübrə istehsalının tədarük zəncirinə təsir göstərib.
IEA-nın məlumatına əsasən, bundan sonra sulfat turşusunun qiymətinin artması bir sıra kritik əhəmiyyətli mineralların istehsalı sahəsində xərcləri yüksəldib.
