Uşaqların rəqəmsal mühitdə hüquqlarının effektiv müdafiəsi hüquqlara əsaslanan yanaşma tələb edir - Zümrüd Əlizadə

Cəmiyyət Materials 16 İyul 2026 11:43 (UTC +04:00)
Uşaqların rəqəmsal mühitdə hüquqlarının effektiv müdafiəsi hüquqlara əsaslanan yanaşma tələb edir - Zümrüd Əlizadə
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqların rəqəmsal mühitdə hüquqlarının effektiv müdafiəsi hüquqlara əsaslanan yanaşma tələb edir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri “Uşaqları rəqəmsal risklərdən qorumaq: yeni yanaşmalar və həllər” mövzusunda ictimai müzakirədə Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin müdiri vəzifəsini icra edən, insan hüquqları üzrə hüquqşünas Zümrüd Əlizadə deyib.

O bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda uşaqlar kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması, kiberzorakılıq, zərərli məzmun, süni intellekt və alqoritmik manipulyasiya kimi müxtəlif risklərlə üzləşirlər.

Z.Əlizadənin sözlərinə görə, uşaqların rəqəmsal mühitdə hüquqlarının effektiv müdafiəsi yalnız hüquqi qadağalarla deyil, texnologiya şirkətlərinin məsuliyyətinin artırılması və hüquqlara əsaslanan yanaşmanın tətbiqi ilə mümkündür.

O qeyd edib ki, Azərbaycanın bu sahədə mövcud qanunvericilik bazası və qarşıda duran çağırışlar beynəlxalq standartlar və qabaqcıl təcrübə nəzərə alınmaqla təhlil edilir. Milli qanunvericiliyin təkmilləşdirilməsi, rəqəmsal platformaların hüquqi məsuliyyətinin gücləndirilməsi, uşaqların şəxsi məlumatlarının daha effektiv qorunması, süni intellekt texnologiyalarının yaratdığı yeni risklərin hüquqi tənzimlənməsi və rəqəmsal savadlılığın artırılması əsas prioritetlər kimi göstərilib.

Hüquqşünas əlavə edib ki, Azərbaycanda qəbul edilən yeni tənzimləmə uşaqların müdafiəsinə yönəlmiş mühüm sosial və hüquqi addımdır. Onun sözlərinə görə, məqsəd uşaqların informasiya əldə etmək hüququnu məhdudlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etməkdir.

Z.Əlizadə vurğulayıb ki, qanunvericilikdə nəzərdə tutulan əsas mexanizmlərdən biri sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılmasıdır. Təklif olunan yanaşmaya əsasən, 16 yaşadək uşaqlar üçün hesab yaradılmasının məhdudlaşdırılması, 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı və nəzarəti ilə platformalarda iştirak etməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu yanaşma uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların hüquq və təhlükəsizliyinin daha etibarlı qorunmasına xidmət edir.

Xəbər lenti

Xəbər lenti