Bakı.Trend:
İyulun 16-dan etibarən Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının
təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir. Həyata keçirilən
bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai
prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır.
Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət
edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız
Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə
hərəkətlərini davam etdirə biləcəklər.
Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə
küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə
endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini
təxminən 40 saniyəyə qədər azaldacaq, kəsişmənin ötürücülük
qabiliyyətini artıracaq. Bu, əsasən Koroğlu Rəhimov küçəsi və Xətai
prospekti, eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev
prospektlərində hərəkət şəraitinə müsbət təsir göstərəcək.
Layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək.
Yaradılan avtobus zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni
Elm və Təhsil Nazirliyi istiqamətində avtobusların hərəkətini təmin
edəcək.
Qeyd edək ki, layihənin icrası zamanı Dəmirçizadə küçəsində mövcud
parklanma yerləri tam şəkildə saxlanılacaq.
Xatırladaq ki, bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramı”nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov
küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti
həlldir.
